Ermənistanın atdığı addımlar onların ekologiya məsələsində də obyektiv olmadıqlarını göstərir - Şərh
Bakı, 7 avqust, AZƏRTAC
Ekoloji məsələlər hazırda bütün dünyada, eləcə də ölkəmizdə gündəmdədir. Dünyada hər keçən gün temperaturun qeyri-təbii artımı kimi hallar ciddi narahatlıq doğurmağa başlayıb. Hazırkı şəraitdə dünya parlamentlərinin də gündəmində olan əsas məsələlər məhz ekologiya ilə bağlıdır. Ancaq hər bir ölkənin təbiətinin və ekologiyasının təmizliyi onun təkcə öz requlyasiyalarından asılı deyil. Qonşu dövlətlər də belə hallarda məsələyə eyni məsuliyyət prizmasından yanaşmalıdır. Çox təəssüf, biz bu addımları öz qonşularımızdan görə bilmirik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi Paşa Bayramov söyləyib.
“Son zamanlar Ermənistan tərəfinin atdığı addımlar ekoloji məsələdə də obyektiv olmadıqlarını göstərir. Ağır sənaye zavodunun tikintisi ehtimalı ilə başlayan gərginlik hələ də davam edir. Artıq təkcə dövlət səviyyəsində və rəsmi səviyyədə deyil, QHT-lər də bu prosesə münasibət bildirdilər və beynəlxalq ictimaiyyətə açıq məktub ünvanladılar. Son məlumatlar da göstərir ki, qarşı tərəf məsələyə adekvat münasibət bildirmir, lazımi addımlar atmır. Ətraf mühitin zəhərli tullantılarla çirkləndirilməsi, heç şübhəsiz, ekosistemin pozulmasına gətirib çıxara bilər. Bu barədə elm adamları da dəfələrlə həyəcan təbili çalıblar. Edilən çağırışların cavabsız qalması təbii ki, bu sahədə fəaliyyət göstərən QHT-ləri də narahat etməyə bilməzdi. Son olaraq onların məsələ ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət etmələri olduqca təbii addım idi. Belə məsələlərdə məsuliyyəti qeyri-dövlət təşkilatları dərk etməlidir”, - deyə P.Bayramov bildirib.
Ermənistanın dağ-mədən sənayesində ekoloji norma və standartları kobud şəkildə pozması ilə əlaqədar Azərbaycanın qeyri-hökumət təşkilatlarının koalisiya yaratdıqları barədə bəyanat yaymalarına toxunan baş məsləhətçi bildirib: “Bəyanatda qeyd edilən hər bir məsələ diqqətə alınması olan vacib nüanslardır. Daha əvvəl göndərilən açıq məktubdan nəticə çıxmasa da, QHT-lərin davamlı səyləri məsələyə diqqət çəkmək üçün olduqca vacib xarakter daşıyır”.