Ermənistanın hoqqabazlığı əks-təsir verməyə, qurduğu oyunlar öz başında çatlamağa başlayır – Ekspert
Bakı, 11 sentyabr, AZƏRTAC
Son aylar Ermənistanın atdığı müəmmalı addımlar, əslində, ilk növbədə, erməni xalqı üçün təhlükəli və risklidir. Bu vurnuxmalar zəifliyin və gücsüzlüyün əlamətidir. Bəs bu zəifliklə Ermənistan hakimiyyəti nə ilə məşğuldur? Diqqəti çəkən əsas məqamlar hansılardır? Görünən odur ki, bu fəaliyyətdə ana xətt Ermənistanın öz ənənəsinə və xislətinə uyğun olaraq yalan, təxribat və dezinformasiyadır. Yəni, ermənilər və onların təsiri altında olan mənbələr tərəfindən bilərəkdən ortaya atılmış, Azərbaycanın Ermənistana hücum edəcəyi barədə yayılan yalan xarakterli məlumatların məqsədi, ilk növbədə, ölkəmizi təcavüzkar və işğalçı dövlət kimi qələmə verməkdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Əhməd Abbasbəyli söyləyib.
“Bəs Paşinyan və onun komandasının bu “ağıllı” gedişləri nə ilə nəticələnir? Əlbəttə, Ermənistan özünün bu addımlarını ağıllı, hiyləgər hesab edə bilər, amma nə Qərb və NATO, nə də Rusiya və İran sadəlövh deyillər ki, bu cür primitiv və təhlükəli oyunlara inansınlar. “Humanitar fəlakət” kimi oyunbazlığından sonra Qərbin Azərbaycanla bağlı ciddi tədbirlər görməsinə nail ola bilməyəcəyini başa düşən və meydanda “böyük bacısı” Fransa ilə yalnız qalan Ermənistan bu təxribatları, avantürist addımları ilə hansı “uğurlara” nail ola bilər? Təbii ki, Avropa İttifaqı və NATO, xüsusilə ABŞ ilə bu cür yaxınlaşma, hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və Qərb kəşfiyyatının Ermənistanda əl-qol açması nə Rusiyanın, nə də İranın xoşuna gələ bilməzdi. Rusiya imperiyasının “forpostu” olan Ermənistanın ərköyünlüklərinə daim dözən Moskva İrəvana ən yüksək səviyyədə sərt xəbərdarlıq etməyə məcbur oldu. İlk dəfə olaraq Ermənistan səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılaraq ona nota verilməsi ilə bu iki dövlət arasında münasibətlərdə yeni bir hadisə baş verdi. Rusiya-Ermənistan münasibətlərinin bu səviyyədə olmasını heç xatırlamıram”, - deyə o qeyd edib.
Ə.Abbasbəyli bildirib ki, NATO və ABŞ-ın Ermənistandan İrana qarşı plasdarm kimi istifadə etməsinə rəsmi Tehran da laqeyd və susqun qala bilməzdi. İranın rəsmi dairələri də Ermənistanın bu münasibətlərinə qarşı çıxış edərək, bəlkə də 30 ildə ilk dəfə olaraq Ermənistanın mövqeyini qınadı, həmçinin Cənubi Qafqazda “3+3” formatından kənar əməkdaşlıqlar etdiyini və bunun regionda vəziyyəti daha da çətinləşdirəcəyini bəyan etdi.
“Görünən odur ki, Ermənistanın hoqqabazlığı əks-təsir verməyə, qurduğu oyunlar öz başında çatlamağa başlayır. Bəlkə də bu cür davranışlar Ermənistanın əsl simasını, məkrli niyyətlərini üzə çıxarmasına şərait yaradacaq, ədalətsiz, işğalçı, xəyanətkar mövqeyinə rəğmən, 30 ildən artıq müddətdə daim onu himayə və müdafiə edən, hətta qoruyan Rusiya və İranın da gözünün açılmasına, proseslərə daha ədalətli yanaşmalarına səbəb olacaq”, - deyə ekspert vurğulayıb.