Ermənistanın “humanitar” şousu iflasa uğradıqca yenidən silah səsləri eşitməyə başladıq – Açıqlama
Bakı, 15 avqust, AZƏRTAC
Ermənistanın son dövrlərdə “humanitar” şou adı altında yaratdığı təxribatlar heç bir nəticə vermədi. Həmin şounun təşkil edilməsində əsas məqsəd beynəlxalq ictimaiyyətin və nüfuzlu təşkilatların diqqətini bölgəyə cəlb etmək idi. Onlar Laçın sərhəd-buraxılış məntəqəsi vasitəsilə Ermənistandan Qarabağa istənilən yükün sərbəst, nəzarətsiz şəkildə daşınması üçün hay-küy salmışdılar. Əlbəttə bu, bizim üçün qəbuledilməzdir. Azərbaycan da, eyni zamanda, öz qətiyyətli mövqeyindən çəkilmədi. Nəticə etibarilə Ermənistan və onun havadarlarının həmin istiqamətdəki təxribatçı planları həyata keçmədi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Azər Bayramov söyləyib.
Hərbi ekspert bildirib ki, Ermənistan bu “humanitar” şoudan hər hansı nəticə əldə etmədiyindən ssenarinin davamı olaraq hələ də delimitasiyası aparılmayan Azərbaycan və Ermənistan sərhədinə müəyyən texnika və artilleriya qurğuları cəlb etməklə, orada hərbi baza və ya hərbi hissənin yaradılması ilə məşğuldur: “Əlbəttə ki, bu, Ermənistan üçün yaxşı heç nə vəd etmir. Burada Ermənistan iç üzünü bir daha nümayiş etdirir. Hansı ki, Vətən müharibəsindən sonra düşmən ölkənin siyasi-hərbi rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, eyni zamanda, Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etsə də, onların sülhlə bağlı imitasiya xarakterli bu çıxışlarına, eyni zamanda, əməli fəaliyyətinə nəzər saldıqda tamamilə əks mənzərələri görürük. Ermənistanın sülhlə bağlı addımlar atmaqdan daha çox silahlanmaya və hərbi gücünün artırılmasına doğru yönəldiyini və eyni zamanda, sülh prosesinin pozulması üçün maksimum şəkildə çalışdığını müşahidə edirik. Bu da ondan xəbər verir ki, Ermənistan tərəfinin istənilən hərbi təxribatı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə qarşısı alınacaq və bu, Ermənistan üçün daha ağır nəticələrə səbəb olacaq.
A.Bayramovun sözlərinə görə, baş verənlər bir daha onu göstərir ki, Ermənistanın sülhlə bağlı heç bir niyyəti yoxdur. Tam əksinə olaraq havadarlarının da ona verdiyi müəyyən siyasi dəstəklərdən istifadə edərək prosesi maksimum şəkildə uzatmağa və bunun da fonunda münaqişəni dondurmaq istiqamətində addımlar atmağa çalışır. İstər separatçı rejim, istərsə də Ermənistan tərəfi hər hansısa təxribatın törədilməsində və onun doğuracağı nəticələrdən birbaşa məsuliyyət daşıyırlar.
“Əvvəllər ssenariyə uyğun olaraq ilk öncə atəşkəsin pozulmasını, Ermənistan tərəfindən daim təxribatların törədilməsini müşahidə edirdik. Lakin son “humanitar” şou ərəfəsində müəyyən müddət belə təxribatlar törədilmədi. Nə vaxtki həmin “humanitar” şou bitdi, yenə də silah səslərini eşitməyə başladıq. Əlbəttə, bu da bir daha onu sübut edir ki, Ermənistanın sülhlə bağlı qətiyyən marağı yoxdur və bu prosesi pozmağa çalışır. Azərbaycan Ordusu və silahlı birləşmələri Qarabağda Rusiya kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə də özünə qarşı hər hansısa potensial təhlükə və təxribat görərsə, mütləq şəkildə bunun qarşısını alacaq. Ola bilsin ki, həmin separatçıların və terrorçuların zərərsizləşdirilməsi üçün lokal tipli əməliyyatlar həyata keçirilsin. Bu zaman istər Azərbaycan Ordusunun arsenalında olan yüksəkdəqiqlikli silah-sursatlardan istifadə edilməsi, istərsə də müəyyən proseslərin, əməliyyatların həyata keçirilməsi üçün peşəkar heyətdən istifadə mütləq şəkildə Ermənistanın təxribatlarının qarşını almaq üçün məcburi atılmış addımlar olacaq. Baş verənlərin də bütün məsuliyyəti yalnız Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bildiyimiz kimi, İkinci Qarabağ müharibəsi və ondan sonra da Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar bir daha sübut etdi ki, bölmələrimiz istənilən an düşmənin təxribatının qarşısının alınmasına və onların zərərsizləşdirilməsinə hazırdır. Bundan sonra da zərurət yarandığında belə əməliyyatların keçirilməsi qaçılmaz olacaq”, - deyə A.Bayramov fikirlərini yekunlaşdırıb.