Ermənistanın qanunsuz fəaliyyəti regionun ekoloji mühitini təhlükə mənbəyinə çevirir
Bakı, 7 iyul, AZƏRTAC
Ermənistanın Naxçıvanla həmsərhəd ərazisində böyük bir metallurgiya zavodunun inşasının aparılması ilə bağlı açıqlamaları bir daha onu göstərir ki, bu ölkə beynəlxalq səviyyədə Birləşmiş Millətlər Təşkilatının “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”sının müddəalarını ciddi şəkildə pozur. Ümumiyyətlə, belə bir zavodun tikilməsi təkcə Azərbaycan üçün deyil, bütün region üçün böyük bir ekoloji təsir yarada bilər. Bunun qarşısı mütləq şəkildə beynəlxalq səviyyədə alınmalıdır. Bir qrup QHT rəhbəri Nikol Paşinyana açıq məktub yazaraq Ermənistan Respublikasını regionda ekosistemi ciddi şəkildə korlayan müəssisələrin fəaliyyətini dərhal dayandırmağa çağırıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Ermənistanın da bu konvensiyanın üzvü olduğunu diqqətə çatdıran deputat bildirib ki, buna baxmayaraq bədnam qonşumuz dəfələrlə "Metsamor" atom elektrik stansiyası ərazisində yeni nüvə reaktoru tikintisi ilə bağlı da açıqlamalar verir. Bu da təkcə Azərbaycan üçün deyil, bütün region üçün böyük bir miqyasda təbii fəlakətə gətirib çıxara bilər.
“Düşünmürəm ki, Ermənistan ictimaiyyəti buna sakit qalsın. Bu, beynəlxalq konvensiyaların pozulması deməkdir. Dağ-mədən sənayesi Azərbaycanın sərhədində olduğuna görə, bunun ölkəmizə ciddi təsirləri ola bilər. Xatırlayırsınızsa, mis-molibden zavodu və Qafan mis emalı kombinatının istehsalında bizim sularımız zəhərləndi, onların Oxçuçaya axıtdıqları tullantılar fəsadlar verdi. Bu, flora və faunanın dağılmasına gətirib çıxardı”, - deyə Arzu Nağıyev qeyd edib.
Deputat vurğulayıb ki, artıq bütün dünya Ermənistana qanunsuz fəaliyyətini dayandırması üçün təzyiq və təsir göstərməlidir. Bu, təkcə Azərbaycanın deyil, regionun ekoloji mühitini təhlükə mənbəyinə çevirir. Məhz buna görə də, Ermənistan həm qonşuluq siyasətini, həm də beynəlxalq səviyyədə olan öhdəliklərini yada salaraq buna son verməlidir. Son vermədiyi təqdirdə, bütün beynəlxalq təşkilatlar bu ölkəyə təzyiqini artırmalıdır.