Ermənistanın sərhəddə hərbi texnika yığması sülh prosesinə böyük təhlükə yaradır - Hərbi ekspert
Bakı, 14 avqust, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri son zamanlar Azərbaycan Ordusunun Kəlbəcər, Xocavənd, Basarkeçər rayonları istiqamətində yerləşən mövqelərini atəşə tutublar.
Mövzunu AZƏRTAC-a şərh edən ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov qeyd edib ki, hazırda Azərbaycan sərhəddə baş verən məsələlərə humanist yanaşma göstərir, beynəlxalq normalar çərçivəsində alternativ təkliflər verir. Lakin görülən işlər Ermənistan tərəfindən layiqincə dəyərləndirilmir.
“Ermənistanın Laçın yaxınlığında sərhəddə hərbi texnikasını yığması, şəxsi heyətin sayının artırılması həmin bölgədə yaşayan insanlar, eyni zamanda, bölgədəki sülhün təmin olunması istiqamətində atılan addımlar üçün böyük təhlükə yaradır. Son günlərdə Kəlbəcər, Xocavənd, Basarkeçər rayonları istiqamətində yerləşən mövqelərimiz erməni silahlı qüvvələri və bölgədə yaşayan separatçılar tərəfindən atəşə tutulur. Təəssüflər olsun ki, Azərbaycan-Ermənistan arasında sülh bağlamaq üçün vasitəçilik edən beynəlxalq təşkilatlar hazırda gedən prosesə adekvat münasibət bildirmirlər. Hətta bəzən media qurumlarından istifadə edərək beynəlxalq ictimaiyyətin gözündə Azərbaycanı mənfi obraz kimi təqdim edirlər. Onlar Azərbaycan tərəfini Qarabağda yaşayan ermənilərə qarşı guya “humanitar fəlakət” yaratmaqda günahlandırırlar. Bu yanaşma qətiyyən yalandır. Hazırda Cənubi Qafqaz regionunda sülhün bərqərar edilməsi istiqamətində gedən proseslər birmənalı olaraq Azərbaycanın öhdəliyindədir”, - deyə hərbi ekspert bildirib.
Ehtiyatda olan polkovnik əlavə edib ki, Nikol Paşinyan çıxışında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıdığını və Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını etiraf edib. Qarabağ da məhz həmin əraziyə daxildir. Lakin ermənilər təxribat törətməklə bölgədəki sülhün pozulması istiqamətində addımlar atırlar. Laçın istiqamətində yığılan texnika, artırılan hərbi heyətin sayı Ermənistan tərəfinin güc nümayiş etdirmə siyasətinin bir parçasıdır və şou xarakteri daşıyır. Ordunu sərhəd bölgəsinə açıq şəkildə yığmaq prosesləri adətən gizli şəkildə həyata keçirilir. Əgər onlar öz güclərini açıq şəkildə nümayiş etdirirlərsə, müasir standartlara cavab verən Azərbaycan hərbi texnikasının erməni ordusunu darmadağın etmək potensialına malik olduğunu da bilməlidirlər. Azərbaycanın “Dəmir yumruğ”u yerindədir və istənilən halda onları əzmək potensialındadır. Biz bunu 44 günlük Vətən müharibəsində dəfələrlə görmüşük.
“Hazırda Azərbaycan Ordusu sərhəddə baş verə biləcək hər hansı bir təxribata, atəşkəsi pozan mövqelərə adekvat cavab verir və bölgədə yaranacaq təhlükənin qarşısına almağa qadirdir. Ermənilərin son təxribatçı fəaliyyəti sülhün tərəfdarının Azərbaycan olduğunu açıq şəkildə göstərir. Eyni zamanda Ermənistanın sülh müqaviləsinin imzalanması prosesini gecikdirir. Əgər Ermənistan sülh istəmirsə, atılan təxribatçı addımların cavabdehliyini Ermənistana daşıyır”, - deyə Şair Ramaldanov vurğulayıb.