Ermənistanın təxribatçı hərəkətlərinə onların anladığı dildə cavab veriləcək - ŞƏRH
Bakı, 9 sentyabr, AZƏRTAC
Ermənistanın, eyni zamanda, Qarabağdakı separatçı qüvvələrin son dövrlərdə təxribatlarının daha da intensivləşdirdiyini və miqyasını genişləndirdiyini müşahidə edirik. Bu da ondan xəbər verir ki, Ermənistanın sülhlə bağlı hər hansı niyyəti yoxdur. İkinci Qarabağ müharibəsindən ötən üç ildə müəyyən platformalarda sülhlə bağlı imitasiya xarakterli çıxışlar edilsə də, reallıqda bunun tamamilə əksinə hərəkətlərin şahidi oluruq. Ötən müddətdə Ermənistan manipulyasiya edərək ehtiyatda olan hərbçiləri qısamüddətli təlim adı ilə orduya cəlb edib. Uzunmüddətli təlimlər üçün minlərlə şəxsi heyət orduya çağırılıb. Onların yenidən hərbi təlimlərə cəlb edilərək hazırlaşdırılması Ermənistanın daha çox revanşa hazırlaşdığını göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Azər Bayramov söyləyib.
A.Bayramov bildirib ki, Ermənistanın məramını aydın şəkildə görmək üçün sərhəddə baş verənlərə nəzər salmaq kifayətdir. Belə ki, Ermənistanın beş ordu korpusuna yaxın hərbi qüvvəsinin dördü Azərbaycanla şərti həmsərhəd bölgəyə cəmlənib, eyni zamanda, həmin o korpusların ehtiyat qüvvələri də sərhədimizə doğru irəliləyir və yerləşdirilir.
“Bir neçə ay bundan əvvəl də Laçın rayonu istiqamətində Ermənistanın hərbi baza yerləşdirdiyini videomateraillardan görmüşdük. Bu da ondan xəbər verir ki, Ermənistan prosesə uzun müddətdir hazırlaşır. Nəzərə almalıyıq ki, bununla da paralel olaraq hücum təyinatlı silahların sərhədlərimizə doğru yaxınlaşdığını müşahidə edirik. Bura isə uzaq məsafəni vura bilən haubitsalar, “Smerç” yaylım atəşli reaktiv sistemləri daxildir. Bunun hər biri bizim üçün ciddi şəkildə təhdid törədir. Laçın rayonu istiqamətində ötən gün ərzində yaxınlaşma səngərlərinin qazılması Ermənistanın daha ciddi təxribatlara hazırlaşdığının xəbərçisidir. Həmin səngərlərin qazılması əsasən hücum zamanı həyata keçirilir. Buradan da açıq-aydın şəkildə Ermənistanın, eyni zamanda, separatçı rejimin niyyəti məlum olur. Əlbəttə, Ermənistan bu məsələdə tək deyil. Havadarlarının da bu işdə onlara dırnaqarası verdiyi dəstək, eyni zamanda, ümidlər, mütləq şəkildə Ermənistanı belə genişmiqyaslı təxribat törətməyə həvəsləndirir və ümidləndirir. Əlbəttə ki, bir çox məsələdə Ermənistan və onun havadarları yanılırlar. Çünki regionda yeni geosiyasi vəziyyət formalaşıb və bunu da Azərbaycan və Türkiyə birliyi yaradıb. Bizə qarşı istənilən təxribatın qarşısı mütləq şəkildə alınacaq və bunun Ermənistan üçün çox ağır nəticələri olacaq. Baş verən vəziyyətdən də və onun nəticəsindən də yalnız Ermənistan və separatçı rejimin rəhbərliyi, onlara bu işdə havadarlıq edənlər cavabdehlik daşıyırlar.
Əlbəttə ki, Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra hər hansı nəticə çıxarmadığını açıq-aydın şəkildə görürük. Elə hesab edirəm ki, Azərbaycan daim bu problemin həllini humanist mövqedən həll etməyə çalışsa da Ermənistan bizim yanaşmamıza qarşı riyakarlıqla cavab verir. Təcavüzkar ölkənin təxribatçı hərəkətlərinə qarşılıq olaraq onların anladığı dildə adekvat cavab tədbirləri görüləcək”, - deyə hərbi ekspert fikirlərini yekunlaşdırıb.