Ermənistanın təxribatları: Paşinyan və onun komandası kimlərə ümid edir? – siyasi ekspert
Bakı, 13 aprel, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutması, bir daha göstərir ki, bu ölkənin hərbi-siyasi hakimiyyəti bütün imkanları ilə vaxtı uzatmağa çalışır, baş nazir Nikol Paşinyan və onun komandası regional reallığın dəyişəcəyinə ümid edir, hansısa “çətirlərinə” ümid bəsləyir. Amma bu, tamamilə absurddur. Çünki Vətən müharibəsində əldə olunan Qələbədən sonra Cənubi Qafqazda yeni reallıqları diktə edən siyasi aktor məhz rəsmi Bakıdır. Ümumiyyətlə, diqqət yetirsək, son zamanlar təxribatlarına ara verməyən Ermənistan hakimiyyəti ritorikasını sərtləşdirib, irəli sürülən bütün təşəbbüsləri bloklama yolunu tutub, Azərbaycana qarşı əsassız iddialarla çıxışlarını artırıb, baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan yenidən sərsəm bəyanatlar səsləndirməyə başlayıblar, onlar rəsmi Bakını ittiham etməyə çalışırlar. Faktiki olaraq sülh gündəliyindən yayınan məhz rəsmi İrəvandır. Əslində, onların provokativ açıqlamaları yeni təxribatların və insidentlərin qaçılmaz olacağını göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Telman İsa söyləyib.
Vətən müharibəsindəki Qələbədən sonra Azərbaycanın sülh gündəliyi ilə çıxış edərək qarşı tərəfə sülh müqaviləsini imzalamağı təklif etdiyini bildirən siyasi ekspert vurğulayıb: “Prezident İlham Əliyevin müxtəlif şəhərlərdə, platformalarda təşkil olunan danışıqlara qatılıb, ölkəmizin mövqeyini ortaya qoyub və qonşusuna qarşı daim çirkin niyyətlərə sahib Ermənistanı mehriban qonşuluğa dəvət edib. İstər Rusiyanın Soçi, istər Avropanın mərkəzində Brüssel şəhərində, istərsə də Çexiyanın paytaxtında keçirilən görüşlər buna sübutdur. Bu, tarixdə az görülmüş hal olmaqla yanaşı, eyni zamanda bizim humanistliyimizin göstəricidir. Rəsmi İrəvan isə 44 günlük müharibənin üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bu humanistliyi qiymətləndirmir.
Şübhəsiz, ekspertlər də bu amilə diqqət çəkirlər, Ermənistan hakimiyyətinin Azərbaycana qarşı əsassız iddialarının arxasında həm də Avropa İttifaqının missiyası amili dayanır. Görünür, Avropa İttifaqının missiyasının Ermənistana gəlməsi İrəvanı cəsarətləndirib. Hər keçən gün Ermənistanın siyasi və hərbi rəhbərliyi daha iddialı bəyanatlar verməyə başlayıb. Onlar hesab edirlər ki, Aİ missiyasının bu ölkədə olması öz iddialarını gerçəkləşdirmək üçün zəmin yaradıb. Təsadüfi deyil ki, indi də ermənilər KTMT missiyasını Ermənistana cəlb etməyə çalışırlar. Əslində bu cür səylər başa düşüləndir. Çünki İrəvan məhz kiminsə “çətiri altında” gizlənərək öz sabotaj cəhdlərini davam etdirə bilər”.
Siyasi ekspert qeyd edib ki, Prezident İlham Əliyevin də dönə-dönə xatırlatdığı kimi, Paşinyan və onun komandasının tarixi təcrübədən dərs çıxarması daha faydalıdır. Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı, Cıdır düzündə yallı olmasının nəticələri hər kəsə, o cümlədən də beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Rəsmi İrəvan bunu unutmamalıdır. Odur ki, əminliklə deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Ermənistan növbəti təxribatına və cinayətinə görə mütləq cavab verəcək.