Əsas meyar uşaqların istəyidir
Tallin, 28 noyabr (AZƏRTAC). Estoniyada nəşr olunan “Postimees“ qəzetinin 28 noyabr nömrəsində Tallinndəki Azərbaycan həftəsonu məktəbinin rəhbəri Sənəm Əliyeva ilə müsahibə dərc olunmuşdur.
Azərbaycan həftəsonu məktəbinin rəhbərinin fikrincə, Azərbaycan dilinin mənimsənilməsində, mədəniyyət və tarixin öyrənilməsində məktəbin müəllimləri üçün ən əsas amil uşaqların və gənclərin arzu və istəyinin nəzərə alınmasıdır. S.Əliyeva məktəbin genişmiqyaslı fəaliyyətindən söhbət açmış, görülən və qarşıda duran layihələr haqqında məlumat vermişdir.
Məqalənin sonunda Sənəm Əliyeva oxucuları mart ayında azərbaycanlıların ən sevimli bayramı Novruz tədbirlərinə dəvət etmişdir.
Estoniyada milli azlıqların 100-ə yaxın məktəbi fəaliyyət göstərir. Məktəblər Estoniya Təhsil Nazirliyi tərəfindən dəstək alır.
Azərbaycan həftəsonu məktəbi ən fəal və uğurlu məktəblərdən biri kimi dəfələrlə qeyd edilmişdir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn