Estoniyada vaksin vurdurmayan şəxslər üçün yeni məhdudiyyətlər tətbiq ediləcək
Tallin, 14 oktyabr, AZƏRTAC
Estoniyanın Baş naziri Kaya Kallas ölkədə COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq, insanların sağlamlığını qorumaq və koronaviruslu xəstələrin sayının artması ilə bağlı xəstəxanaların üzərinə düşən yükü azaltmaq məqsədilə cəmiyyətin hələ də vaksinasiyadan keçməmiş üzvləri üçün yeni məhdudiyyətlərin tətbiq olunacağını istisna etməyib.
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, bu ayın sonuna qədər Estoniyada gün ərzində 1900-dək yoluxma faktının qeydə alınacağı və xəstəxanalarda müalicə alanların sayının artacağı gözlənilir.
“Xəstəxana rəhbərləri reanimasiya şöbələrində, demək olar ki, birmənalı şəkildə vaksin vurdurmamış insanların yerləşdirildiyini təsdiq ediblər. Xəstəxanalarda yerlərin tutulması səbəbindən reanimasiyada boş yerləri təmin etmək və daha ağır xəstələrə yardım etməyə hazır olmaq məqsədilə planlı müalicələri daha çox məhdudlaşdırmaq lazım gəlir”, - deyə Estoniyanın Baş naziri Kaya Kallas bildirib.
Qeyd olunub ki, koronavirusun ağır forması ilə xəstəxanaya yerləşdirilənlərin 70 faizindən çoxu vaksin vurdurmayanlardır. Bu ilin payızında koronavirusdan dünyasını dəyişənlərin 80 faizindən çoxu peyvənd olunmayıb.
K.Kallas Estoniyada bütün əhalinin, ilk növbədə risk qrupları arasında vaksinasiya səviyyəsini artırmaq məqsədilə hökumət tərəfindən yeni genişmiqyaslı tədbirlərə ehtiyac olduğunu vurğulayıb. O, vaksin olunmayan şəxslərin əyləncə obyektlərinə yollanmaq və boş vaxt keçirmək imkanlarını müvəqqəti olaraq məhdudlaşdırmağın vacibliyini qeyd edib.
Kaya Kallas digər Avropa İttifaqı ölkələrin təcrübəsinə əsasən, məhdudiyyətlərin müvəqqəti tədbir olduğunu və vaksinasiya səviyyəsinin lazımi səviyyəyə yüksələcəyi təqdirdə xəstəliyin geri çəkiləcəyini qeyd edib. Lakin Estoniyada vaksinasiyanın hazırkı səviyyəsi məhdudiyyətlərin ləğv edilməsinə imkan vermədiyini vurğulayıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin