“Eurasiareview” saytı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına dair məqalə yayıb
Bakı, 26 may, AZƏRTAC
“Eurasiareview” saytında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Şahmar Hacıyevin “Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası sülh və təhlükəsizlik üçün zəruridir” sərlövhəli məqaləsi dərc olunub.
BMTM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yazıda Cənubi Qafqazdakı ərazi mübahisələrinin və sərhəd problemlərinin bölgədəki sabitlik və təhlükəsizliyə ən böyük təhdid olduğu vurğulanır. Müəllif xüsusilə Azərbaycan ilə Ermənistan arasındakı sərhəd məsələsini qeyd edir və bildirir ki, bu iki ölkə Qarabağdakı münaqişə səbəbindən dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlaya bilməyib.
“1990-cı illərin əvvəllərində başlayan Qarabağ münaqişəsi Azərbaycanın ərazi itkisi ilə nəticələndi. Müharibədən sonra Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etdi və nəticədə Azərbaycan həm Ermənistan, həm də İranla dövlət sərhədinin böyük hissəsinə nəzarəti itirdi. İşğal illərində həmin ərazilər silah və narkotik maddələrin qanunsuz dövriyyəsi üçün istifadə edilib”, - deyə qeyd edən Şahmar Hacıyev yazır ki, münaqişə artıq başa çatıb və müharibədən sonrakı dövrdə tərəflər nəqliyyat əlaqələrini açmaqla yanaşı, dövlət sərhədinin demarkasiyası kimi vacib məsələlərdə də həll yolları tapmağa çalışırlar. Müəllif bildirir ki, bu proses bölgənin gələcək təhlükəsizliyi və sabitliyi üçün əhəmiyyətlidir. Qeyd olunur ki, üçtərəfli noyabr Bəyanatından sonra Azərbaycan sovet xəritələrindən və GPS-dən istifadə edərək demarkasiya prosesinə başlayıb.
Müəllif sonda vurğulayır ki, sərhəd problemləri iki ölkə arasında təhlükəsizlik və davamlı sülh üçün əsas çağırışlardan olacaq. “Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etmək istəyir. Ermənistan anlamalıdır ki, Qarabağ bölgəsində azərbaycanlı və erməni xalqlarının dinc yanaşı yaşaması Azərbaycan hökumətinin prioritetidir. Azərbaycana qarşı təbliğat aparmaq və demarkasiya/delimitasiya prosesinin başlamasının qarşısını almaq yalnız sülh prosesinə zərər verəcək. Ermənistan-Azərbaycan sərhəd mübahisəsinin uzunmüddətli həlli ərazi bütövlüyünün qarşılıqlı tanınması və bütün beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə dəstək verilməsindən asılıdır”, - deyə yazıda vurğulanır.