“Euronews Academy” layihəsi çərçivəsində “Rəqəmsal jurnalistika” mövzusunda təlim proqramı yekunlaşıb
Bakı, 20 noyabr, AZƏRTAC
“Euronews Academy” layihəsi çərçivəsində “Rəqəmsal jurnalistika” mövzusunda keçirilən növbəti təlim modulu yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Medianın İnkişafı Agentliyi və Avropanın nüfuzlu media qurumlarından biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı ilə reallaşan layihədə iştirakçılar rəqəmsal xəbər toplanması və məlumat əsaslı jurnalistikasının müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki biliklər əldə ediblər.
Təlim proqramında “Sosial media və “YouTube” kanalının idarə olunması”, “Mobil jurnalistika” modulları üzrə sessiyalar keçirilib. Dörd gün ərzində iştirakçılar rəqəmsal mühitdə məlumatların təhlili, faktların yoxlanılması və süjetlərin strukturlaşdırılması prinsipləri ilə tanış olublar. Tədris prosesi interaktiv mühazirələr, qrup tapşırıqları, videoanalizlər ilə davam edib.
Təlimləri “Euronews” telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkaya, “Euronews”un Yunanıstan xidmətinin və “Euronews” Daşkənd Bürosunun rəhbəri Akis Tatsis aparıb.
Kursu uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunub.