Faktiki hava: Şahdağda qar örtüyünün hündürlüyü 8 santimetr təşkil edir YENİLƏNİB
Bakı, 3 may, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin mayın 3-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, dağlıq rayonlarda qar yağıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şahdağda 8, Xınalıqda 6, Qrızda 3 santimetrdir.
Düşən yağıntının miqdarı: Qəbələdə 53.0 millimetr (aylıq normanın 44 faizi), İsmayıllıda 22.0 (aylıq normanın 18 faizi), Zərdabda 18.0 (aylıq normanın 49 faizi), Göyçayda 18.0 (aylıq normanın 29 faizi), Qobustanda 17.0, Şamaxıda 13.0, Qrızda 11.0, Oğuz, Şəki, Kürdəmirdə 9.0, Ağdamda 8.0, Ordubad, Ağsu, Qaxda 7.0, Şahbuz, Gədəbəydə 5.0, Lerik, Şahdağ, Xaltanda 4.0, Altıağac, Naxçıvanda 3.0, Qubada 2.0, Lənkəran, Astara, Yardımlı, Biləsuvar, Qusar, Göygöl, Tərtər, Yevlax, Sabirabad, Neftçala, Göytəpədə 1.0 millimetrədək olub.
Mayın 2-də şimal-qərb küləyi arabir Naxçıvan, Ceyrançöldə 18 metr/saniyə, Şəmkirdə 16 metr/saniyə, Bakıda və Abşeron yarımadasında 20 metr/saniyəyədək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.
Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 14-16° isti, Naxçıvanda 12°-dək isti, dağlıq rayonlarda 4-8° isti, yüksək dağlıq ərazilərdə 4°-dək şaxta, aran rayonlarında 11-15° isti olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.