İQTİSADİYYAT
Fatih Birol: Pandemiya qlobal enerji sektorunda dərin iz buraxacaq
Bakı, 13 oktyabr, AZƏRTAC
Pandemiya qlobal enerji sektorunda dərin iz buraxacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
F.Birol qeyd edib ki, pandemiya enerji sektorunda 5 faiz azalmaya səbəb olacaq. Bu sektorda iqtisadi dirçəliş olsa da, pandemiya illər ərzində təsirini göstərəcək dərin iz buraxacaq: “Cari il qlobal enerji tələbatında ciddi azalma olacağını proqnozlaşdırırıq. Sentyabr ayı üzrə rəqəmlərə baxdığımızda 5 faiz azalma olduğunu görə bilərik. Bu, enerji sektoru tarixindəki ən böyük azalmadır. Bəzi yanacaq növləri daha çox, bəziləri daha az təsirə məruz qalıb. Neft pandemiyadan ən çox təsir görən yanacaq növüdür. COVID-19 nəqliyyat və xüsusilə aviasiya sənayesinə böyük zərbə vurub. Bərpaolunan enerji mənbələri isə ən az təsirə məruz qalıb. İqtisadiyyat bərpa olunmağa və pandemiya nəzarət altına alınmağa başlasa da, bunun qlobal enerji sektoruna təsiri illərlə hiss olunacaq. Pandemiya dünya enerji sektorunda dərin iz qoyacaq”.