Fatma Yıldırım: Ermənistan silahlı qüvvələri humanitar atəşkəsə qəti şəkildə riayət etmir
Bakı, 11 oktyabr, AZƏRTAC
Gəncə şəhərində çoxmənzilli yaşayış binalarına gecə atılan raket zərbələri nəticəsində 9 mülki vətəndaşımız həlak olub, 34 nəfər yaralanıb. Dağıntılar altından insanların xilas edilməsi hələ də davam edir və bu say arta bilər. Günahsız körpələrin, gecənin şirin yuxusunda atəşə tutulması erməni terrorçularının barbarlığını dünyaya bir daha göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, cəbhə bölgəsində, eləcə də cəbhədən xeyli aralıda yerləşən digər şəhərlərimizdə də təcavüzlər davam etdirilir. Mingəçevir, Bərdə, Tərtər, Ağdam və digər yaşayış məntəqələrini, dinc əhalini qəsdən hədəfə alaraq ağır artilleriya ilə atəşə tuturlar.
“Xocalı faciəsindən bu yana Ermənistan tərəfindən soyqırımı aktları bu gün də davam etdirilir. Terrorizmi dövlət siyasəti səviyyəsində aparan qatil Ermənistan bu cinayətlərə görə cavab verməlidir. Beynəlxalq ictimaiyyət bu terrora “dur” deməlidir. Düşmən bu hücumlarla üçüncü qüvvələri münaqişəyə cəlb etmək istəyir”, - deyə Fatma Yıldırım diqqətə çatdırıb.
Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ermənilərə verdiyi son şansı da onlar bu şəkildə dəyərləndirirlərsə, hansı atəşkəsdən danışırlar?! Deməli, ermənilərə atəşkəs lazım deyil. Bu vəziyyətdə atəşkəs çağırışları riyakarlıqdır.
“Hamımız Ali Baş Komandana və şanlı Ordumuza inanır və sonsuz güvənirik! Əgər dünya birliyi bu vəhşiliyə dur deyə bilmirsə, Azərbaycan ordusu terroristləri susdurmağa qadirdir”, - deyə F.Yıldırım bildirib.