Fermer qadınlar Aronia giləmeyvəsinin becərilməsi barədə məlumatlandırılıblar
Bakı, 12 avqust, AZƏRTAC
İsmayıllıdakı Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzində “Kozberi” şirkəti Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) ilə birgə Aronia giləmeyvəsinin yetişdirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib.
AKQA-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova və “Kozberi” MMC-nin rəhbəri Bəhrəm Orucəliyev çıxışlarında fermer qadınların maarifləndirilməsi istiqamətində bu cür tədbirlərin vacibliyini, yerli şirkətlərin dəstəyini və belə tədbirlər üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hər cür şəraitin yaradılmasını yüksək qiymətləndiriblər.
Azərbaycanda Aronia yetişdirməçiliyinin ideya müəllifi, sahibkar, “Kozberi” şirkətinin təsisçisi İbrahim Erem “Aroniya giləmeyvəsinin meyvəçilikdə yeri, faydaları və tətbiqi sahələri” mövzusunda təqdimatla çıxış edib. Ağdam, Bərdə, Beyləqan, Şamaxı, Balakən, Qax və Zaqatala rayonlarından gəlmiş fermer qadınlar onlar üçün yeni fəaliyyət sahəsi olan Aronia məhsulunun becərilməsi üçün mövcud imkan və resurslar, satış imkanları, gəlirliliyi, emalı ilə bağlı yeni məlumatlar əldə ediblər.
Tədbir zamanı Aronia giləmeyvəsindən hazırlanan müxtəlif məhsul çeşidləri qadınlara nümayiş etdirilib, daha sonra fermer xanımlar İsmayıllı rayonu Tircan kəndində yerləşən Aronia bağını gəziblər, yetişməkdə olan meyvələrin dadına baxıblar.
Tədbirin yekununda fermer xanımlara “Kozberi” şirkəti tərəfindən Aronia tingi hədiyyə edilib.