FHN: Daha bir yanğıntörətmə faktının üstü açılıb
Bakı, 16 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Ağsu rayonunun Nuran kəndinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Nəticədə, 5 hektar ərazidə biçilmiş taxıl sahəsi, 2 hektar ərazidə isə quru ot və kol-kos yanıb, xəsarət alan olmayıb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.
Belə ki, Xidmət tərəfindən həyata keçirilən zəruri tədbirlər nəticəsində hadisənin Ağsu rayonnun Zərqəva kənd sakini 1973-cü il təvəllüdlü Məmmədov Bəhlul Fəyyaz oğlu tərəfindən törədildiyi müəyyənləşdirilib.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.