FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir
Bakı, 11 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Füzuli rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında, Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Zaqatala şəhər Heydər Əliyev Mərkəzində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Siyəzən şəhər Heydər Əliyev Mərkəzində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Salyan Rayonlararası Vərəm Əleyhinə Xəstəxanada maarifləndirmə tədbirləri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə "Dəm qazı təhlükəsi", "Məişətdə yanğın təhlükəsizliyi", "112" qaynar xətti"nə nə vaxt zəng etməli?", "Odsöndürənlərdən istifadə qaydası" mövzularında çıxışlar edilib. Həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.
Həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi vurğulanıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.
Tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün "Vətəndaşların nəzərinə", "Yanğın zamanı davranış qaydaları" mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.