CƏMİYYƏT
FHN-in əməkdaşları beynəlxalq xilasetmə çoxnövçülük yarışında iştirak ediblər








Bakı, 25 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Türk Dövlətləri Təşkilatının (TDT) “Fəlakətlərin idarə olunması, fövqəladə hallar və humanitar yardım” təşəbbüsü çərçivəsində Qazaxıstanın Almatı vilayətinin Kapşaqay şəhərində təşkil olunmuş “Kazkutkaru-2023” beynəlxalq xilasetmə çoxnövçülük yarışında iştirak ediblər.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Tamqali-tas bölgəsinin təlim-məşq poliqonunda keçirilən yarışlardan əvvəl ikigünlük “Jer-2023” seysmik təlimi keçirilib.
Təlimin əsas məqsədi mülki mühafizə qüvvələrinin zəlzələlər zamanı görüləcək tədbirlərə hazırlıq səviyyəsinin artırılması olub.
Yarışlarda 6 ölkəni təmsil edən 11 komanda iştirak edib. Komandalar təbii və texnogen xarakterli fövqəladə hallar zamanı bilik və bacarıqlarını, eləcə də insanlara tibbi yardımın göstərilməsi hazırlığını, radiasiya və kimyəvi təhlükədən qorunma, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, su hövzələrində axtarış-xilasetmə işlərinin aparılması, fövqəladə vəziyyət zonasında yanğın-xilasetmə işləri, həyat fəaliyyətinin təhlükəsizliyi üzrə keçirilmiş seminar-yarışlarda öz bacarıqlarını nümayiş etdiriblər.
Yarışlarda FHN-in komandası uğurla çıxış edərək kubok, fəxri fərman, diplom və hədiyyələrlə mükafatlandırılıb.
Bundan əlavə, əməkdaşlar tədbir çərçivəsində Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Almatı şəhərinin Fövqəladə Hallar Departamentinin qüvvə və vasitələri ilə yerində tanış olublar.
Qeyd edək ki, Qazaxıstanın fövqəladə hallar naziri general-mayor Sırım Şaripxanov FHN-in komandası ilə görüşüb və kollektivin çıxışını yüksək qiymətləndirib.