CƏMİYYƏT
FHN işçilərinin həmkarlar ittifaqı 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib
Bakı, 16 iyun, AZƏRTAC
15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqı Xaçmaz rayonunun Nabran kəndində istirahət edən FHN əməkdaşlarının ailə üzvləri ilə birgə görüş keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov 15 iyun – Milli Qurtuluş Gününün əhəmiyyətindən, bu hadisənin böyük ictimai-siyasi və tarixi mahiyyətindən danışıb. Qeyd edib ki, müstəqilliyin əvvəllərində məhv olmaq təhlükəsi ilə üzləşmiş Azərbaycan xalqının təkidli istəyi ilə məhz 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdan dahi şəxsiyyət ulu öndər Heydər Əliyev ölkəni vətəndaş müharibəsindən, parçalanmaq təhlükəsindən xilas etdi. Ümummilli Liderimizin həyata keçirdiyi mütərəqqi sosial-iqtisadi islahatlar ölkəmizin gündən-günə inkişafına və qüdrətlənməsinə zəmin yaratdı. Ordu quruculuğu sahəsində görülmüş mühüm tədbirlər nəticəsində müasir və güclü Azərbaycan Ordusunun formalaşmasına başlanıldı. Ulu öndər Heydər Əliyevin yürütdüyü uğurlu və uzaqgörən xarici siyasət respublikamızın beynəlxalq aləmdə mövqeyinin güclənməsinə və Azərbaycana olan inamın və etibarın formalaşmasına şərait yaratdı. “Əsrin müqaviləsi”nin reallaşdırılması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi və digər bu kimi dünya miqyaslı mühüm layihələrin icrası ölkəmizin çiçəklənməsinə yeni imkanlar yaratdı.
M.İsmayılov bildirib ki, Ulu Öndərin ideyaları bu gün də uğurla həyata keçirilməkdədir. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət, respublikamızın davamlı inkişafı naminə gördüyü işlər Azərbaycanı dünya miqyasında söz sahibinə çevirib. Natiq 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əldə etdiyi böyük tarixi Qələbədən danışaraq bildirib ki, Azərbaycan xalqı nəyə qadir olduğunu bir daha bütün dünyaya sübut etdi. Tarixi Qələbə nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu diqqətə çatdıran FHN işçilərinin həmkarlar ittifaqının sədri artıq Qarabağ ərazisində də geniş abadlıq və quruculuq işlərinə başlanıldığını, vətəndaşların doğma yurdlarına qayıtması üçün mühüm işlərə start verildiyini deyib.