FHN istirahət üçün çimərliyə gedən vətəndaşlara növbəti dəfə müraciət edib VİDEO
Bakı, 12 avqust, AZƏRTAC
İsti yay günlərində əhalinin xüsusilə həftəsonları istirahət üçün kütləvi üz tutduqları məkanlardan biri də dənizdir. Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi insanlar tərəfindən çimərliklərlə bağlı təhlükəsizlik qaydalarının pozulması hallarına rast gəlinir ki, bu da sonda acı nəticələrə səbəb olur.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qeyd olunanlarla bağlı xüsusilə həftəsonu insanların istirahət üçün kütləvi şəkildə dənizə getməsini nəzərə alaraq, FHN əhaliyə bir daha müraciət edərək çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırır. Belə ki, çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.
Yadda saxlayın: çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir.
Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə müraciətdə qeyd olunur.