FHN: Ümummilli Liderin 100 illiyinə həsr olunmuş beşnövçülük üzrə çempionatın mükafatçıları müəyyənləşib
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 3-7-də Qəbələ rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları arasında beşnövçülük üzrə çempionata yekun vurulub.
Bu barədə AZƏRTAC-a FHN-dən məlumat verilib.
Nazirliyin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə keçirilən çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 19 komandadan 100-ə yaxın əməkdaşı iştirak edib.
Çempionatda iştirakçılar gimnastik hərəkətlər üzrə güc çalışmaları, maneələr zolağı, atıcılıq, üzgüçülük və dağa dırmanma mərhələləri üzrə bacarıqlarını göstəriblər. Yarışın son günündə isə komanda və şəxsi hesab üzrə qaliblər müəyyən olunub.
Dövlət himninin səsləndirilməsi ilə başlanan mükafatlandırma mərasimində çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev iştirakçıları təbrik edərək, yarışın əhəmiyyətindən danışıb, idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edib. O, qeyd edib ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır. Ulu Öndər ölkə idmanının inkişaf strategiyasını müəyyənləşdirib və bu istiqamətdə reallaşdırılan kompleks tədbirlər nəticəsində böyük uğurlar qazanılıb. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə gördüyü mühüm işlərdən bəhs edən F.Musayev Azərbaycanın həm də dünyada idman ölkəsi kimi tanındığını iftixar hissi ilə dilə gətirib.
Yarışda komanda hesabında birinci yeri Dövlət Yanğından Mühafizə Xidmətinin, ikinci yeri Mülkü müdafiə qoşunlarının, üçüncü yeri isə Bakı Regional Mərkəzinin komandası tutub.
Şəxsi nəticələrdə birinci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rəşid Sadıqov, ikinci yerə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı Kamran Məlikov, üçüncü yerə isə FHN Akademiyasının kursantı Əli Həsənov sahib olub.
Sonda qaliblərə kubok, medal, diplom və fəxri fərmanlar təqdim edilib.