FHN yanında İctimai şuraya seçki keçirilib
Bakı, 12 iyun, AZƏRTAC
“İctimai iştirakçılıq haqqında” Qanuna və Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) yanında yeni İctimai şuraya seçki keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə fövqəladə hallar nazirinin müavini, nazirlik yanında yeni İctimai şuranın seçki komissiyasının sədri Tapdıq Əmiraslanov iştirak edib.
Bildirək ki, vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 12 nəfərin namizədliyi təsdiqlənib. Seçkidə seçici kimi qatılmaq üçün vətəndaş cəmiyyəti institutlarından qeydə alınmış 71 nəfər təmsilçidən 54-ü iştirak edib.
Şəffaf şəkildə keçirilmiş seçkinin yekununda 11 nəfər FHN yanında yeni İctimai şuraya üzv seçilib.