FİFA PREZİDENTİ YOZEF BLATTER BAKIYA GƏLMİŞDİR
Səfərdə onu UEFA-nın vitse-prezidenti Seneş Erzik və tanınmış fransız futbolçusu, UEFA İcraiyyə Komitəsinin üzvü Mişel Platini müşayiət edirlər.
Həmin gün qonaqlar “Şəfa” stadionunun açılış mərasimində oldular.
FİFA prezidenti yeni idman kompleksinin açılış rəmzi olan qırmızı lenti kəsdi.
Azərbaycanın dövlət himni səsləndi.
AFFA prezidenti Ramiz Mirzəyev mərasimdə çıxış edərək bildirdi ki, FİFA rəhbərinin və UEFA İcraiyyə Komitəsi üzvlərinin bu idman obyektinin açılışında olması beynəlxalq federasiyanın Azərbaycanda futbolun inkişafına böyük diqqət yetirdiyinə sübutdur. O, ölkədə idmanın inkişafından danışaraq dedi ki, indi bir çox bölgələrimizdə idman obyektləri tikilmişdir və tikilir, beynəlxalq standartlara uyğun futbol stadionları inşa edilir. Bu, ilk növbədə, ölkədə bədən tərbiyəsi və idmanın inkişafına böyük əhəmiyyət verən Azərbaycan Prezidenti İlham Əliyevin xidmətidir.
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev qonaqları Prezident İlham Əliyevin adından salamladı. O dedi ki, dünya və Avropa futbolunun belə mötəbər nümayəndə heyətinin ölkəmizə səfəri respublikamızda idmanın bu növünün yaxşı sürətlə inkişafından xəbər verir. Nazir AFFA-ya daim kömək göstərdiklərinə görə FİFA və UEFA-ya təşəkkür etdi.
FİFA prezidenti Yozef Blatter mərasim iştirakçılarını salamlayaraq, Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana səfərindən məmnunluq duyduğunu söylədi. O dedi ki, yaxın keçmişdə Azərbaycanda futbolun inkişafı lazımi səviyyədə deyildi, lakin indi bütün çətinliklər arxada qalmışdır. FİFA və UEFA çalışacaqlar ki, Azərbaycan futbolu dünya və Avropa futbolunun bir hissəsi olsun.
UEFA-nın vitse-prezidenti Seneş Erzik və UEFA İcraiyyə Komitəsinin üzvü Mişel Platini də mərasim iştirakçılarını salamladılar.
Mərasimdən sonra qonaqlar stadionla tanış oldular.