Finlandiya İraqda yerləşdirdiyi hərbi qulluqçularının əksəriyyətini bu ölkədən çıxarır
Stokholm, 30 mart, AZƏRTAC
ABŞ-ın İraqda rəhbərlik etdiyi koalisiyanın digər iştirakçı dövlətləri kimi Finlandiya da öz ordusunu geriyə qaytarmağa başlayıb.
AZƏRTAC Finlandiyanın müdafiə qüvvələrinin bəyanatına istinadla xəbər verir ki, ölkə hökuməti koronavirusdan qorunma tədbiri kimi, ölkə hüdudlarından kənarda olan vətəndaşlarının sayını azaltmaq qərarına gəlib. Bununla əlaqədar, "Sarsılmaz qətiyyət" adlı hərbi əməliyyat çərçivəsində İraqda yerləşdirilən fin hərbi kontingentinin böyük hissəsini ölkəyə qaytarmaq qərara alınıb.
Bu qərara əsasən, İraqda olan 50 hərbi qulluqçu yaxın vaxtlarda geri qaytarılacaq, daha sonra onlar Finlandiyada karantinə yerləşdiriləcəklər. Finlandiya silahlı qüvvələrin əsgərlərinin qalan hissəsi bundan sonra da İraqda qalacaq.
Qeyd edək ki, "İslam dövləti" beynəlxalq terror təşkilatına qarşı aparılan "Sarsılmaz qətiyyət" əməliyyatı çərçivəsində 80-ə yaxın finlandiyalı hərbi ekspert İraqa göndərilmişdi.
Bundan əvvəl koalisiya qüvvələri bəyan etmişdilər ki, İraqın təhlükəsizlik qüvvələri koronavirusun potensial yayılmasının qarşısını almaqdan ötrü bütün təlimləri dayandırıblar. Bu, bir çox Qərb ölkələrini öz qüvvələrini geri çağırmağa vadar edib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm