İDMAN
FRANSA KOMANDASININ OYUNLARI GÖZLƏNİLƏN NƏTİCƏNİ VERMƏMİŞDİR
Avqustun 13-dən 29-dək Afinada keçirilmiş XXVIII yay Olimpiya oyunları artıq arxada qalmışdır. Təntənəli bağlanışdan sonra vətənə dönmüş Fransa komandasının Olimpiadada göstərdiyi nəticələr təhlil edilmişdir. Ölkənin idman naziri Jan–Fransua Lamur jurnalistlər qarşısında çıxışında yığma komandanın Olimpiya oyunlarında göstərdiyi nəticələrin gözlənilməz olduğunu vurğulamışdır. Nazir 2000-ci ildə Avstraliyanın paytaxtı Sidneydə keçirilmiş yay Olimpiya oyunlarında 38 medal qazanmış komandanın Afinadan 33 medalla qayıtmasını təəssüf hissi ilə qeyd etmişdir. Medalların sayına görə ümumi hesabda 7-ci yeri tutan komandanın 11 qızıl medal qazandığı diqqətə çatdırılmışdır. Halbuki Sidneydə komanda 13 qızıl medala sahib olmuşdu.
Nazir komandanın zəif çıxışını onun tərkibində fiziki və psixoloji hazırlığı kifayət qədər olmayan gənclərin əksəriyyət təşkil etməsi ilə əlaqələndirmişdir. J.F.Lamur komandanın zəif çıxışından nəticə çıxararaq 2008-ci ildə Pekində keçiriləcək yay Olimpiya oyunlarına daha ciddi və daha yüksək səviyyədə hazırlaşacaqlarına, daha çox qızıl medala sahib olacaqlarına inandığını demişdir.