Fransa qəzeti Azərbaycanın iqtisadi yüksəlişindən və zəngin turizm potensialından yazır
Paris, 12 dekabr, AZƏRTAC
Parisdə gündəlik nəşr olunan “ Les Echos “ qəzetinin 10 dekabr tarixli nömrəsində “ Qafqaz: Azərbaycan - regionun gələcək qüdrətli dövləti “ sərlövhəli məqalə dərc olunub.
Müəllif Fransua Lasins məqaləsinin əvvəlində müsəlman ölkələrində baş verən hadisələrdən - Yaxın Şərqdəki geosiyasətdən, Suriya böhranından, Fələstin-İsrail qarşıdurmasından, Türkiyənin Rusiya ilə Avropa arasında oynadığı roldan bəhs edib və bu hadisələrin fonunda Azərbaycanın yüksək sürətlə inkişafını diqqətə çatdırıb.
Sovet İttifaqının süqutundan sonra keçmiş respublikaların hər birinin özünəməxsus siyasi kurs götürdüyü vurğulanan məqalədə ölkəmizin mühüm geosiyasi mövqeyindən söhbət açılır. Qeyd olunur ki, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan iqtisadi inkişafına görə zirvədə dayanır. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkədə sabitlik hökm sürür, Rusiya Federasiyası və Avropa İttifaqı ilə balanslaşdırılmış siyasət aparılır.
Məqalədə ölkəmizin inkişafının son vaxtlar qiyməti getdikcə aşağı düşməkdə olan yeraltı sərvəti neftdən o qədər də asılı olmadığı, turizm və ticarət sahəsində iqtisadiyyatın sürətlə qurulmasına xüsusi diqqət yetirildiyi, Bakının yaxın vaxtlarda Kiçik Asiyanın Dubayına çevriləcəyi bildirilir. Paytaxtda yeni binaların ucaldıldığı və beşulduzlu otellərin tikildiyi, şəhərin simasının gündən-günə dəyişdiyi diqqətə çatdırılır. Habelə Azərbaycanda turizmin inkişafı üçün mühüm potensial imkanların olduğu, Gürcüstan və Ermənistanla müqayisədə turistləri cəlb etmək üçün əlverişli şərait yaradıldığı vurğulanır.
Ölkəmizdə idmanın inkişafına da toxunan müəllif son illər mühüm beynəlxalq yarışlarının keçirildiyi Bakının 2015-ci ildə ilk Avropa Oyunlarına, 2016-cı ildə “Formula-1” yarışlarına, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının bir sıra oyunlarına ev sahibliyi edəcəyini diqqətə çatdırır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris