FRANSALI MÜTƏXƏSSİSLƏR AZƏRBAYCANDA KADR HAZIRLIĞINA KÖMƏK GÖSTƏRİRLƏR
Xatırladırıq ki, yarandığı gündən fəaliyyətini dövlət başçıları və məmurları, diplomatlar hazırlanması istiqamətində qurmuş Paris Milli İdarəçilik Ali Məktəbi bu sahədə müəyyən uğurlar əldə etmişdir. Bütün dünyada məşhur olan bir sıra siyasətçilər və dövlət məmurları bu ali təhsil ocağının məzunu olmuşlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından AZƏRTAC-a bildirmişlər ki, akademiya ilə ENA arasında imzalanmış müqaviləyə əsasən, ENA Azərbaycanda layihə həyata keçirir. Layihənin növbəti mərhələsində fransalı mütəxəssis akademiyanın müəllim heyəti və dövlət məmurlarından ibarət qrupa mühazirələr oxumuşdur.
Məşğələləri ENA-nın müəllimi, dövlət qulluqçusu Patrik Noddinğs aparmışdır. Akademiyanın müəllim heyəti, eləcə də dövlət məmurlarından ibarət qrupun üzvləri “Mərkəzləşmə, qeyri-mərkəzləşmə və qeyri-təmərküzləşmə” mövzusunda mühazirə və seminarlarda Fransada bu sahədəki məsələlərə dair geniş məlumat əldə etmiş, kadr hazırlanması istiqamətində ENA-nın təcrübəsi ilə tanış olmuşlar. Müxtəlif mövzular ətrafında geniş müzakirələr və fikir mübadiləsi aparılmışdır.
Layihənin sonunda azərbaycanlı mütəxəssislərin ENA-da, həmçinin Fransanın dövlət orqanlarında iki həftəlik təcrübə keçmələri nəzərdə tutulur.