FRANSANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Azərbaycanın və Fransanın dövlət himnləri səsləndi.
Fransanın Bakıdakı səfiri Bernar Amodrik dü Şafo qəbulda çıxış edərək bildirdi ki, 217 il öncə Fransa xalqının azadlıq mübarizəsi qələbə ilə yekunlaşmışdır.
Ölkəsinin Azərbaycanın əbədi dostu olduğunu vurğulayan səfir Prezident İlham Əliyevin bu il iki dəfə Fransaya səfər etməsini və Prezident Jak Şirakla görüşməsini ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi kimi səciyyələndirdi.
Azərbaycanın həm Şərq, həm də Qərb dəyərlərinə malik ölkə olduğunu xatırladan diplomat dedi ki, əhalisinin əsas hissəsi müsəlmanlardan ibarət Azərbaycanda dünyada heç bir yerdə rast gəlinməyən tolerantlıq vardır. Azərbaycan regionda aparıcı mövqeyə malik ölkədir. İyulun 13-də rəsmi açılış mərasimi keçirilən Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanın dünyaya töhfəsidir.
Azərbaycanın dinamik inkişafını xüsusi vurğulayan Bernar Amodrik dü Şafo, ölkələrimiz arasındakı siyasi, iqtisadi münasibətlərin, habelə mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlığın bundan sonra da dönmədən inkişaf edəcəyinə ümidvar olduğunu söylədi.
Milli Məclisin sədrinin müavini Valeh Ələsgərov əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, fransız xalqına əmin-amanlıq və firavanlıq arzularını yetirdi.
V.Ələsgərov xatırlatdı ki, Azərbaycan ilə Fransa arasında əlaqələrin dərin tarixi kökləri vardır. 1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulması bu əlaqələrin inkişafına yeni təkan vermişdir.
Prezident İlham Əliyevin Azərbaycan-Fransa əlaqələrinin inkişafına xüsusi önəm verdiyini vurğulayan Milli Məclis sədrinin müavini, ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini bildirdi.
Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.