Fransanın yersiz müdaxilələri Ermənistanı yeni təxribatlara həvəsləndirir
Bakı, 15 aprel, AZƏRTAC
Ermənistanın iki gün əvvəl Laçınla sərhəddə törətdiyi təxribata da Fransa öz qərəzli yanaşması ilə münasibət bildirdi. Rəsmi Parisin ənənəvi ermənipərəst mövqedən çıxış etməsi əslində gözlənilən idi. Çünki Fransa son zamanlar Azərbaycanı ittiham etmək üçün bəhanələr axtarır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputatın sözlərinə görə, sərhəddə baş verən məlum insident bilavasitə Ermənistan təxribatının nəticəsi olduğu halda, Fransa Azərbaycana ünvanlanmış mesaj göndərir. Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edən Fransa ATƏT Minsk Qrupunun həmsədri olduğu onilliklər ərzində bir dəfə də Azərbaycanın ərazi bütövlüyü haqda heç vaxt bəyanat verməyib. 44 günlük müharibədə, eləcə də postmünaqişə dövründə də Azərbaycana qarşı qərəzini gizlədə bilmir.
“Ən təzadlı məqam isə budur ki, bu gün ərazi bütövlüyündən danışan Fransa özünün yürütdüyü müstəmləkə siyasətinə baxmaq istəmir. Digər tərəfdən sərhədlərin delimitasiyası ilə bağlı səslənən iddialara gəlincə, bura Azərbaycanın suveren əraziləridir. Fransa həqiqətən də bu cür təxribatların baş verməsini istəmirsə, o zaman Cənubi Qafqazda baş verən proseslərə müdaxilə etməməlidir. Çünki bu cür yersiz müdaxilələr, Fransanın ermənipərəst canfəşanlığı, eləcə də Avropa İttifaqının “mülki” missiyası Ermənistanı növbəti təxribatlara həvəsləndirir. Ermənistan bu missiyanı faktiki öz təcavüzkar siyasətinin bir hissəsinə çevirir”, - deyə o qeyd edib.