İDMAN
FUTBOL ÜZRƏ AZƏRBAYCAN MİLLİ YIĞMA KOMANDASININ ÜZVLƏRİ BƏYANAT QƏBUL ETMİŞLƏR
AFFA-nın şəffaf fəaliyyət göstərməsi, kütləvi informasiya vasitələri ilə sıx əlaqə saxlaması, futbolumuzda baş verən yeniliklər barədə geniş ictimaiyyətə məlumat verməsi müsbət haldır. Lakin bəzi mətbuat orqanları açıq-aşkar təxribatla məşğul olur. Milli yığma komandamızın rəhbərliyi və üzvləri ilə bağlı yanlış məlumatlar dərc etməklə kollektivimizin ümumi psixoloji vəziyyətinə mənfi təsir göstərirlər. Xüsusilə futbolçuların qazancı, aldığımız mükafatın məbləği ilə bağlı dərc olunan materiallar bizdə haqlı narazılıq hissi doğurur, ailələrimizdə, dost-tanış arasında yersiz söz-söhbətə səbəb olur. Məsələn, bir neçə gün əvvəl “Futbol+” qəzetində guya futbolçularımızın Uels komandası ilə oyunda qələbə qazanacağı təqdirdə 7 min dollar mükafat alacağı barədə xəbər dərc edilməsi bizim hiddətimizə səbəb oldu. Bununla əlaqədar qəti etirazımızı bildirir və başqasının pulunu saymağın etik normalara uyğun olmadığını xatırladırıq. Eyni zamanda bəyan edirik ki, Azərbaycan bayrağı altında yaşıl meydana çıxmaq bizim üçün böyük şərəfdir. Biz ölkəmizin idman şərəfini hansısa məbləğ naminə qorumuruq. Bu, bizim vətəndaşlıq borcumuzdur.
Biz futbol azarkeşlərini əmin edirik ki, göstərilən etimadı layiqincə doğruldacaq, gözəl oyunumuzla hamını sevindirməyə çalışacağıq”.