Füzuli rayonunda koronavirus epidemiyasına qarşı tədbirlər gücləndirilib
Füzuli, 23 mart, AZƏRTAC
Füzuli rayonunda koronavirus (COVID - 19) epidemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə tədbirlər gücləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçiblər. Xidmət əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq ərazidə dezinfeksiya tədbirlərini davam etdirirlər.
Kommunal xidmət əməkdaşları tərəfindən xüsusi texnikalarla Horadiz şəhərinin mərkəzi küçələri, binaların çıxışları, pilləkənlər, tullantıların toplandığı konteynerlər, parklar, meydançalar və digər ərazilər dezinfeksiyaedici məhlullar vasitəsilə yuyulur.
Bu gün görülən tədbirlərin davamı olaraq Horadiz şəhərində Gənclər prospekti, Heydər Əliyev prospekti, 20 Yanvar küçəsi istiqamətində dezinfeksiyaedici yuyulma tədbirləri həyata keçirilib.
Rayonun müvafiq qurumları tərəfindən əhali arasında maarifləndirmə işləri də davam etdirilir.