Füzuli rayonunda tənha və ahıl sakinlərə sosial xidmətlər göstərilir
Füzuli, 25 mart, AZƏRTAC
Füzuli rayonunda koronavirus pandemiyasının yarada biləcəyi təhlükəyə qarşı mübarizə tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyəti ərazi icra nümayəndəlikləri və bələdiyyələrlə birgə rayon ərazisindəki tənha yaşayan, yaşı 65-dən yuxarı olan sakinlərə sosial xidmətlərin göstərilməsi məqsədilə müvafiq addımlar atılır. Tənha və ahıl sakinlərə baş çəkilərək onlara maska, spirt, əlcək və digər dizinfeksiyaedicilərdən ibarət bağlama təqdim olunur. Yaşlı insanlara sağlamlıqlarının qorunması üçün evdə qalmaları, gigiyena qaydalarına ciddi əməl etmələri tövsiyə edilir. Zəruri tələbatlarının ödənilməsi üçün onlara sosial xidmətlər göstəriləcəyi bildirilir.
Sakinlər görülən tədbirlərə, göstərilən qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.