Füzulidə topdansatış mağazasında alkoqollu içkilərdə uyğunsuzluq aşkarlanıb
Bakı, 10 aprel, AZƏRTAC
Saxta alkoqollu içkilərin satışı ilə bağlı daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Füzuli rayonunun Bala Bəhmənli kəndində sahibkar Bakir Tohid oğlu Babayevə məxsus ərzaq məhsullarının topdansatışı mağazasında yoxlama keçiriblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı müvafiq müşayiətedici sənədləri olmayan “Etalon Vodka”, “Kozino Vodka”, “Revizor Vodka” əmtəə nişanlı alkoqollu içkilər satışdan kənarlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Sınaq nəticəsində “Etalon Vodka” və “Revizor Vodka” əmtəə nişanlı alkoqollu içkilərdə tündlük göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.