CƏMİYYƏT
Gədəbəy rayonunda şəhid ailələri və qazilər üçün oftalmoloji aksiya keçiriləcək
![Gədəbəy rayonunda şəhid ailələri və qazilər üçün oftalmoloji aksiya keçiriləcək](/files/2023/2/1200x630/16889789766440619438_1200x630.jpg)
Bakı, 10 iyul, AZƏRTAC
İyulun 14-15-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Gədəbəy rayonunda şəhid ailələri və qazilər üçün oftalmoloji aksiya keçirəcək.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a verilən məlumata görə, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş aksiya saat 09:00-da Gədəbəy rayonundakı Heydər Əliyev Mərkəzində keçiriləcək.
Aksiyanın məqsədi pasiyentləri operativ şəkildə müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, həmçinin cərrahi xidmət göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilib. Səyyar klinikanın fəaliyyətinin əsas məqsədi əhalinin vaxt itirmədən, öz yaşadıqları ərazilərdə müayinə, müalicə və əməliyyat olunmasıdır. Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər daima artır.
Həmçinin qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı, Səyyar klinikanın fəaliyyətini daha da genişləndirmək üçün 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası da fəaliyyətə başlayıb.