“Gələcəyin qurucuları 3” liderlik düşərgəsinin iştirakçıları ilə görüş təşkil edilib
Bakı, 10 iyul, AZƏRTAC
İyulun 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində “Gələcəyin qurucuları 3” liderlik düşərgəsinin iştirakçıları ilə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev və universitet əməkdaşları, eləcə də Bakı Şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi və düşərgəyə seçilmiş 36 tələbə iştirak edib.
Universitet rəhbərliyi bu kimi liderlik düşərgələri təşəbbüsünü yüksək qiymətləndirərək, onların gənclərin şəxsi və peşəkar inkişafında, liderlik bacarıqlarının formalaşdırılmasında, komanda işinin təşviqində və aktiv vətəndaş mövqeyinin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıblar. Eyni zamanda, iştirakçılarla səmimi fikir mübadiləsi aparılıb, onların rəy və təklifləri dinlənilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə iyulun 13-dən 17-dək Quba Olimpiya-İdman Kompleksində həyata keçiriləcək “Gələcəyin qurucuları 3” liderlik düşərgəsi tələbə-gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, liderlik keyfiyyətlərinin artırılması və komanda işinin təşviq olunması məqsədi daşıyır.