SİYASƏT
Gəmiçiliyin istismarda olan 88 gəmisində 1476 dənizçi referendumda iştirak edəcək
Bakı, 23 sentyabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin istismarda olan 88 gəmisində 1476 dənizçi sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində iştirak edəcək.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gəmiçilikdə sentyabrın 26-da keçiriləcək referenduma hazırlıq işləri tamamlanıb. Xəzərdə və xarici sularda üzən dənizçilərin səsvermə hüquqlarının təmin edilməsi məqsədilə gəmiçilikdə 29 nömrəli Səbail seçki dairəsinin 35 nömrəli seçki məntəqəsi yaradılıb. Məntəqədə gəmiçilik tərəfindən bütün zəruri şərait təşkil edilib, o cümlədən nəqliyyat, rabitə, kompyuter təminatı və sair məsələlər müvafiq normativ üzrə yüksək səviyyədə öz həllini tapıb.
Gəmiçiliyin istismarda olan 88 gəmisində 1476 dənizçi referendumda iştirak edəcək. Seçki komissiyası bütün gəmiləri lazımi təbliğat-təşviqat materialları, təlimatlar ilə təmin edib, bülleten və protokol nümunələri artıq gəmilərə çatdırılıb.
Referendum günü səhər saat 8:00-da gəmilərdə səsvermə başlayacaq. Üzən heyət səsvermədə iştirak etdikdən sonra gəmidəki komissiyalar tərəfindən səslər hesablanacaq, yekun protokol tərtib olunaraq, gəmiçilikdəki 35 nömrəli seçki məntəqəsinə göndəriləcək. Burada bütün gəmilərdən gələn protokollar ümumiləşdiriləcək, səslər hesablandıqdan sonra məntəqənin yekun protokolu 29 nömrəli Səbail dairə seçki komissiyasına təqdim ediləcək.
Beləliklə, mövcud qanunvericiliyə uyğun olaraq, gəmilərin üzən heyətlərinin səsvermə hüquqları təmin ediləcək, gəmiçiliyin digər işçiləri isə qeydiyyatda olduqları ərazi üzrə səsvermədə iştirak edəcəklər.