Gənclərlə işləyən təlimçilərin elektron məlumat bazasının yaradılmasına başlanıb
Bakı, 1 mart, AZƏRTAC
Gənclər və İdman Nazirliyi gənclərlə işləyən təlimçilərin reyestrinin aparılması və elektron məlumat bazasının yaradılmasına başlayıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə reallaşdırılan layihənin məqsədi gənclərlə bağlı həyata keçirilən müxtəlif yerli və beynəlxalq layihə və fəaliyyətlərdə nəzərdə tutulan təlimlərin keçirilməsi üçün təcrübəli və potensial təlimçilərdən ibarət platformanın yaradılmasıdır.
Adlarının reyestrə salınması üçün martın 1-dən 30-dək tələb olunan sənədlər elektron poçtla və ya şəxsən nazirliyin ümumi şöbəsinə təqdim edilməlidir.
Sənədlər təqdim edildikdən sonra üç iş günü müddətində yoxlanılır və müraciət edən şəxsə elektron poçt vasitəsilə bildiriş göndərilir. Yeddi iş günü müddətində isə Gənclər və İdman Nazirliyi tərəfindən reyestrdən çıxarış təqdim edilir. Bu sənədlə həmin şəxsə ölkə ərazisində gənclər sahəsində təlimçi kimi iştirak etmək səlahiyyəti verilir.
Layihə Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində həyata keçirilir.