GİMNASTİKA FEDERASİYASININ NÜMAYƏNDƏ HEYƏTİ FİG-İN KONQRESİNDƏ İŞTİRAK EDƏCƏK
Konqresdə FİG turnirlərinin yeni reqlamentləri və Olimpiya oyunlarının təsnifatı tənzimlənəcəkdir. Gimnastikanın bütün növləri üzrə yeni qaydalar da təsdiq olunacaq və bunlar 2005-ci il yanvarın 1-dən qüvvəyə minəcəkdir. Yeniliklərə görə, hakimlik və idmançıların çıxışlarının qiymətləndirilməsi, normativlərin yerinə yetirilməsi qaydaları dəyişəcəkdir. 2005-ci ildən etibarən FİG-in fəaliyyətinin intensivləşdirilməsi nəzərdə tutulmuşdur və bu məqsədlə təşkilatın strukturunda dəyişikliklər ediləcəkdir.
İdmanda ən ağrılı məsələlərdən biri dopinq problemidir. Gələn ildən FİG-də Beynəlxalq Olimpiya Komitəsinin antidopinq məcəlləsi qüvvədə olacaqdır. Forumda FİG-in 2006-cı ildə keçiriləcək 125 illik yubileyinə hazırlıq məsələsi də müzakirə ediləcəkdir. Qitələrdə nümunəvi çıxışlar, forum çərçivəsində texniki assambleyalarla və elmi simpoziumla birgə konqres keçirmək nəzərdə tutulmuşdur. Antalyada vitse-prezidentlərin, texniki komitələrin başçılarının və icraçı komissiya üzvlərinin hesabat məruzələri ilə çıxış edəcəkləri gözlənilir.
Azərbaycan nümayəndə heyəti konqres çərçivəsində 2005-ci il oktyabrın 3-9-da Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının növbəti təqdimatını təşkil edəcəkdir. Xatırladaq ki, analoji tədbir ötən il sonuncu dünya birinciliyi çərçivəsində Budapeştdə keçirilmişdir. Konqres iştirakçılarına Azərbaycanda gimnastikanın inkişafı, Bakıda Dünya kubokunun mərhələ yarışlarının keçirilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin başçılıq etdiyi Milli Olimpiya Komitəsinin bütün dünyada yüksək qiymətləndirilmiş nailiyyətləri barədə film göstəriləcəkdir. Forumun nümayəndələrinə təqdim ediləcək bülletendə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın təşkilat komitəsinin sədri olduğu dünya çempionatı haqqında ətraflı məlumat veriləcəkdir. Bülletendə həmin turnirin keçiriləcəyi Heydər Əliyev adına İdman-Konsert Kompleksinin sxemi və qonaqları maraqlandıra biləcək digər müxtəlif məlumatlar da var.