Giorgi Xaindrava: Azərbaycan və Ermənistan rəsmilərinin on üçüncü iclası mühüm əhəmiyyətə malikdir
Tbilisi, 29 aprel, AZƏRTAC
Bu gün hamıya məlumdur ki, dünyada sülhdən daha vacib heç nə yoxdur. Bunu tarix də sübut edir. Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın Ermənistanda keçirilən on üçüncü iclası bu baxımdan çox mühüm əhəmiyyətə malikdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Giorgi Xaindrava deyib.
Siyasi şərhçi bildirib ki, son vaxtlar Azərbaycan və Ermənistan rəsmilərinin, vətəndaş cəmiyyətləri nümayəndələrinin qarşılıqlı səfərləri iki ölkə arasında etimad mühitinin, dostluq münasibətlərinin və sülhün möhkəmlənməsinə xidmət edir.
Onun sözlərinə görə, bu gün Cənubi Qafqazın üç xalqı arasında əməkdaşlıq və dinc yanaşı yaşamaq həm xalqlar, həm də gələcək üçün son dərəcə vacibdir. Çünki region hazırda həm Avropanın, həm də Asiyanın diqqət mərkəzindədir.
Bu baxımdan, Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq və qarşılıqlı əlaqələr nə qədər yaxşı olarsa, bu, həm xalqlar, həm dövlətlər, həm də hökumətlər üçün bir o qədər faydalı olar.
“Biz hər zaman azərbaycanlılar və ermənilər arasında, eləcə də Azərbaycan və Ermənistan dövlətləri arasında atəşkəs və sülhün tərəfdarı olmuşuq və bu prosesin mərkəzində olmağa çalışmışıq. Ermənistan və Azərbaycan hökumət nümayəndələrinin təmasları intensiv şəkildə davam edir və bu, təbii ki, Gürcüstan, eləcə də ümumilikdə Avropa və dünya üçün də olduqca vacibdir. Biz bu cür səfərləri tam dəstəkləyir və alqışlayırıq", - deyə politoloq bildirib.