GÖMRÜK QAYDALARINI POZANLARA QARŞI CİDDİ TƏDBİRLƏR GÖRÜLÜR
Aşkar olunmuş hüquqpozma faktları arasında valyuta və valyuta sərvətlərinin qaçaqmalçılığı xüsusi yer tutmuş, gömrük orqanları tərəfindən 1 kiloqram 660 qram qızıl, 161 ədəd qızıl zinət əşyası, 46 min 20 ABŞ dolları və həmçinin 5200 saxta ABŞ dolları tutulmuşdur.
Gömrük orqanlarının digər hüquq mühafizə orqanları ilə əməkdaşlığı şəraitində görülən tədbirlər nəticəsində ötən altı ayda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 24 fakt aşkar edilmiş, 11 kiloqram 833,6 qram narkotik, o cümlədən 2 kiloqram 746 qram tiryək, 8 kiloqram 594 qram marixuana, 255 qram heroin, 7 qram həşiş tutulmuşdur.
İlin birinci yarısında gömrük qaydaları əleyhinə 2338 fakt aşkar olunmuş, 510 hüquqi şəxs (o cümlədən 171 xarici hüquqi şəxs) və 1830 fiziki şəxs (o cümlədən 344 əcnəbi) inzibati məsuliyyətə cəlb edilmişdir. Aşkar olunmuş faktlar üzrə həmin şəxslərə qarşı 162 min 627 manatdan çox cərimə tətbiq edilmiş, habelə 19 min 526 manat dəyərində mallar müsadirə edilmişdir.
İnzibati xəta faktlarının 4-ü malların və nəqliyyat vasitələrinin gömrük nəzarətindən kənar keçirilməsi, 44-ü gizli keçirilməsi, 351-i bəyan edilməməsi, 124-ü müvəqqəti idxalı, 19-u aksiz markasız idxalı ilə, qalanları isə digər pozuntularla əlaqədar olmuşdur.
Aksiz markasız və ya digər qanunsuz yollarla keçirilən 4 milyon 302 mim 420 ədəd xaricdə istehsal olunan siqaret və 24 min 340 kiloqram tütün məhsulları, 42 litr spirt, 1062 butulka spirtli içki saxlanılmış və bu faktlar barədə müvafiq tədbirlər görülmüşdür.
Bundan əlavə, 65 kiloqram balıq kürüsü, 1630 litr neft məhsulu, 1740 ədəd yüksək səsə malik pirotexniki vasitələr, 16,5 kiloqram Ermənistan istehsalı olan qəhvə və külli miqdarda digər mallar götürülmüşdür.