Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Bu gün görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 81-ci ildönümüdür. Şərqşünaslıq İnstitutunun kollektivi hər il oktyabrın 10-da görkəmli alimin məzarını ziyarət edib, xatirəsini anır. Ölkəmizdə karantin rejimi tətbiq edildiyi üçün bu il kollektivin adından Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və institutun əməkdaşı Sulduz Məhərrəmov Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil qoyublar.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, professor Aida İmanquliyeva fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirib. O, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Alimin araşdırmalarının əsas tədqiqat obyekti ərəb məhcər ədəbiyyatıdır. Aida İmanquliyeva Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi.
Azərbaycan şərqşünaslıq elminin beynəlxalq aləmdə tanınmasında, onun şöhrətinin geniş miqyasda yayılmasında böyük xidmətləri olan professor Aida İmanquliyeva elmimizi dəfələrlə yaxın və uzaq xarici ölkələrdə yüksək səviyyədə təmsil edib.
Elmi ictimaiyyətimiz Aida xanım İmanquliyevanın şərqşünaslıq elminə verdiyi töhfələri daim yüksək qiymətləndirir, böyük alimin xatirəsini həmişə dərin ehtiramla yad edir.