Göyçay rayon sakininin evindən 58 çətənə kolu götürülüb
Bakı, 19 iyun, AZƏRTAC
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Çərəcə kənd sakini Rahib Əliyev saxlanılıb. Onun evinə baxış keçirilən zaman həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 58 çətənə kolu aşkarlanaraq götürülüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.