Göygöldə və Biləsuvarda yerləşən heyvan bazarlarında infrastrukturun yenilənməsi davam etdirilir
Bakı, 21 noyabr, AZƏRTAC
Ölkə ərazisindəki heyvan bazarlarının müasir tələblərə uyğunlaşdırılması ilə əlaqədar yenidənqurma və təmir-bərpa işləri davam etdirilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görülən tədbirlər çərçivəsində Göygöl və Biləsuvar rayonlarında yerləşən heyvan bazarlarının da müasir tələblərə uyğunlaşdırılması istiqamətində rekonstruksiya işlərinə başlanılıb.
Məlumatda bildirilir ki, bazarlarda infrastrukturun yenilənməsi mərhələli şəkildə davam etdirilir. Ərazinin giriş və çıxış hissələrində dezbaryerlərin quraşdırılması və asfaltlanma işləri icra olunur. Həmçinin xəstə heyvanların sağlam heyvanlardan ayrılması üçün xüsusi izolyator sahələrinin yaradılması, satış sahələrinin standartlara uyğunlaşdırılması və infrastrukturun yaxşılaşdırılması işləri də aparılır. Bazarlarda iri və xırdabuynuzlu heyvanlar üçün ayrı-ayrı funksional bölmələrin yaradılması da təmin edilir. Eyni zamanda, qanunvericiliyə uyğun olmayan ictimai iaşə obyektləri bazar ərazilərindən kənarlaşdırılır.
AQTA əlavə olaraq bildirir ki, təmir və bərpa işləri tamamlandıqdan sonra bazarların fəaliyyətə başlaması məsələsi qiymətləndiriləcək.