GUAM-IN VİLNÜS ZİRVƏ TOPLANTISININ BƏYANATI
Biz, Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası və Ukrayna Prezidentləri tərəfdaş ölkələr Latviya, Litva, Polşa və Birləşmiş Ştatların rəhbərləri ilə birlikdə bu gün GUAM-ın yaradılmasının 10 illiyini qeyd etmək üçün toplaşmışıq. 1997-ci il oktyabrın 10-da dövlətlərimizin başçıları bizim əməkdaşlıq və inteqrasiya prosesimizi formalaşdırdılar. Bu uzaqgörən addım ölkələrimizin üzləşdiyi çətinlik və təhdidlərin oxşarlığı və mövcud problemlərin səmərəli həlli yollarının axtarılmasında yanaşmaların ümumiliyi ilə müəyyən olunmuşdur.
Oxşar mövqeyə malik dövlətlərin təbii və könüllü birliyi olan GUAM-ın müxtəlif sınaqlardan uğurla keçməsini və öz fəaliyyət qabiliyyətini və münasibliyini təsdiqlədiyini bəyan etməkdən şərəf duyuruq. GUAM-ın üzvü olan dövlətlər arasında ticarət dövriyyəsinin artması onun səmərəliliyinin sübutudur. Bu 10 il ərzində bizim Qrup demokratiya və iqtisadi inkişafa sadiq olan, tam hüquqlu beynəlxalq təşkilata çevrilmişdir. Bizim Təşkilat “GUAM+” formatından səmərəli istifadə etməklə tərəfdaş dövlətlər və digər beynəlxalq orqanlarla bir çox sahələrdə möhkəm əməkdaşlıq və qarşılıqlı faydalı əlaqələr yaratmışdır. Biz istənilən Avropa, yaxud Asiya dövləti və ya təşkilatı ilə GUAM-ın prinsipləri və dəyərlərinə əsaslanan fəal çoxtərəfli əməkdaşlıq üçün açığıq.
GUAM-ın gələcək fəaliyyətini planlaşdırarkən beynəlxalq təhlükəsizlik, sabitlik və sülhə ən səmərəli və fəal tərzdə töhfə verməyi ciddi şəkildə qət etdiyimizi bir daha bildiririk. Təbii nəqliyyat dəhlizi kimi Avropa və Asiyanı əlaqələndirən GUAM iqtisadi inkişaf və regional inteqrasiyada daha əhəmiyyətli rol oynamağa davam edəcək, bununla da qitələri birləşdirəcəkdir. GUAM müxtəlif mədəni, etnik və dini qrupların nümayəndələrini birləşdirərək, maarifləndirmə və anlaşma vasitəsilə mühüm proses olan sivilizasiyalar arasında qarşılıqlı hörmətə əsaslanan dialoqu təşviq edir.
Narahatlıqla qeyd edirik ki, öz həllini tapmamış bir çox problemlər dövlətlərimizin inkişaf və inteqrasiya prosesini çətinləşdirir. Bu problemlər sırasına Azərbaycan Respublikası, Gürcüstan və Moldova Respublikası ərazilərindəki həll olunmamış münaqişələr də daxildir. Bu baxımdan biz bu münaqişələrin suverenlik, ərazi bütövlüyü və hamılıqla tanınmış dövlət sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həlli yollarının axtarılmasına tərəfdar olduğumuzu bir daha təsdiq edirik. Biz inanırıq ki, regionda təcavüzkar millətçilik, silahlı separatizm və parçalanmanın sonu yoxdur. Belə ki, onlar GUAM-ın əsasını təşkil edən demokratiya, qanunun aliliyi və insan hüquqları prinsiplərinə tamamilə ziddir.
Bu münasibətlə biz beynəlxalq ictimaiyyəti dövlətlərimizin tammiqyaslı inkişafına əngəl törədən maneələri aradan qaldıracaq, GUAM regionunda vəziyyətin yaxşılaşdırılmasında konstruktiv rol oynayacaq GUAM dövlətlərinin səylərini və GUAM əməkdaşlığının məqsədlərini dəstəkləməyə çağırırıq.