GUAM müşahidəçiləri Moldova parlamentinə seçkilərlə bağlı bəyanatla çıxış edib
Kiyev, 1 dekabr, AZƏRTAC
Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın (GUAM) müşahidəçilər qrupu noyabrın 30-da keçirilmiş Moldova Parlamentinə növbəti seçkilərə dəvət edilib. Bu barədə AZƏRTAC-a GUAM-ın Kiyevdəki qərargahında məlumat verilib.
Qrupun tərkibinə Azərbaycan Respublikası Milli Məclisinin deputatları Elton Məmmədov (GUAM Parlament Assambleyasının (PA) üzvü, qrupun rəhbəri) və Mirkazım Kazımov (GUAM PA üzvü), Gürcüstan parlamentinin deputatı Nodar Ebanoidze (GUAM PA üzvü) və GUAM-ın baş katibi, müşahidəçilər qrupunun işinin əlaqələndiricisi Valeri Çeçelaşvili daxildir.
GUAM müşahidəçiləri Kişineu şəhərindəki 24 seçki məntəqəsində apardıqları müşahidələrin nəticələrinə əsasən aşağıdakı bəyanatla çıxış etməyi qərara alıblar: “Moldova Parlamentinə seçkilər demokratik seçkilərə dair beynəlxalq öhdəliklərə və standartlara, o cümlədən ATƏT-in və Avropa Şurasının öhdəliklərinə və standartlarına, Moldova Respublikasının milli qanunvericiliyinə, Mərkəzi Seçki Komissiyası tərəfindən işlənib hazırlanmış qayda və prosedurlara müvafiq olaraq təşkil edilib və keçirilib”.
Sənəddə daha sonra qeyd edilir ki, yüksək rəqabət səviyyəsinə baxmayaraq seçkilər sakit, mütəşəkkil keçirilib. Seçki məntəqələrində yüksək fəallıq müşahidə olunub.
Ümumi seçki prosesi, seçki dairələrində komissiyaların fəaliyyəti və seçkilərin təşkili məsələlərinə gəldikdə isə, GUAM-ın müşahidəçilər qrupunun ayrı-ayrı iradları prinsipial xarakter daşımır və səsvermənin nəticələrinə ciddi təsir göstərə bilməz.
Bəyanatın sonunda vurğulanır: “GUAM müşahidəçilər qrupu monitorinqin yekunlarına əsasən bəyan etməyi mümkün sayır ki, seçkilər müsbət - azad və ədalətli seçkilər kimi qiymətləndirilə bilər”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev