Guardian: Makron Trampın Ukrayna ilə bağlı mövqeyini dəyişə bilməyib
Bakı, 25 fevral, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makron ABŞ-dan dəstək vədinə və ya Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı mövqeyində dəyişikliyə nail olmadan Vaşinqtonu tərk edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Guardian” qəzetində dərc olunan məqalədə deyilir.
Nəşrin məlumatına görə, Emmanuel Makron və həftəsonunda Vaşinqtona səfər edəcək Böyük Britaniyanın Baş naziri Kir Starmer son onilliklərin ən ciddi böhranını yaşayan transatlantik alyansı xilas etməyə çalışır. Starmer həm də ABŞ liderinin Avropadan üz çevirməsinin qarşısını almaq kimi çətin vəzifə ilə üz-üzədir.
Qeyd edək ki, fevralın 23-də ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts Vaşinqtonun Moskva ilə qarşılıqlı fəaliyyətə və Kiyevə yardım məsələsinə yanaşmasını yenidən formalaşdırdığını bildirib. Onun fikrincə, Donald Trampın Rusiya lideri Vladimir Putinlə söhbəti və hər iki ölkənin nümayəndə heyətləri arasında Ər-Riyadda keçirilən danışıqlar Vaşinqtonun bu istiqamətdə siyasətinin dəyişdirilməsi istiqamətində ilk addımlarıdır. Mayk Uoltsun sözlərinə görə, bununla bağlı növbəti mərhələ ABŞ Prezidentinin Emmanuel Makron və Kir Starmerlə təmasları olacaq.