Gülmira Almaqambetova: Qazaxıstanın Səhiyyə Nazirliyi TDT çərçivəsində inteqrasiya tədbirlərini tam dəstəkləyir
Bakı, 27 noyabr, Nailə Həsənova, AZƏRTAC
Qazaxıstanın Səhiyyə Nazirliyi Türk Dövlətləri Təşkilatı çərçivəsində bütün inteqrasiya tədbirlərini tam dəstəkləyir. 2014-cü ildən bəri Qazaxıstanda tibb bacısı sahəsində islahatlar həyata keçirilir. Hazırda ölkəmizdə orta ixtisas təhsili, tətbiqi bakalavr dərəcələri, akademik bakalavr dərəcələri, tibb bacısı üzrə magistr dərəcələri və tibb bacısı üzrə doktorantura dərəcələrindən tutmuş tibb bacısı təhsilinin bütün səviyyələri təmsil olunur. Ümid edirəm ki, bugünkü konfrans ölkələrimiz arasında təcrübə mübadiləsi, tibb bacısı və mamalığın gələcək inkişafı üçün platforma olacaq.
Bu barədə AZƏRTAC-a müsahibəsində Qazaxıstan Səhiyyə Nazirliyinin şöbə müdiri Gülmira Almaqambetova bildirib.
Şöbə müdiri Qazaxıstanda tibb bacısı təhsili haqqında danışaraq deyib: “Təhsil həm dövlət, həm də özəl tibb kollecləri tərəfindən realizə edilir. Ölkəmizdə 94 tibb kolleci var, onlardan 22-si dövlət, 72-si isə özəldir. Bundan əlavə, 42 tibb kolleci ali tibb kolleci statusu alıb ki, bu da yüksəkixtisaslı tibb bacıları və tibb bacısı üzrə tətbiqi bakalavrlar hazırlamağa imkan verir”.
Gülmira Almaqambetova Qazaxıstanın müxtəlif təhsil səviyyələrində tibb bacılarının hazırlanmasında geniş təcrübəyə malik olduğunu vurğulayıb. “Əməkdaşlığımızın iki istiqamətdə paralel olaraq inkişaf etməsi sevindirici haldır. Noyabrın 27-28-də Azərbaycan Tibb Universitetinin nümayəndə heyəti, həmçinin Bakıdakı iki tibb kollecinin müəllim heyəti Almatıda Asfendiyarov adına Qazaxıstan Milli Tibb Universitetində, Almatı Şəhər Ali Tibb Kollecində və Respublika Ali Tibb Kollecində təcrübə mübadiləsində iştirak edir”, - deyə şöbə müdiri fikrini yekunlaşdırıb.