Günay Əfəndiyeva: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi qardaşlıq niyyətinin məhsuludur

Bakı, 21 iyun, AZƏRTAC
Məlum olduğu kimi, iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdikləri bu tədbir həm siyasi, həm də mənəvi baxımdan son dərəcə önəmli hadisəyə çevrildi. Kahramanmaraşda salınan “Azərbaycan” məhəlləsi ortaq irsimizdə növbəti qardaşlıq abidəsi kimi ucaldı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva söyləyib.
Deputat bildirib ki, 2023-cü il fevralın 6-da Türkiyəni sarsıdan dəhşətli zəlzələnin səsi təkcə Anadolu torpağında deyil, Bakıdan Naxçıvana, Gəncədən Lənkərana qədər hər bir azərbaycanlının evində eşidildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı Türkiyədə baş vermiş zəlzələni öz faciəsi kimi qəbul etdi.
Fəlakətin ilk günlərindən Azərbaycan dövləti dərhal yardım üçün hərəkətə keçdi. Prezident İlham Əliyevin tapşırığı ilə qardaş ölkəyə yardım məqsədilə bütün mövcud imkanlar səfərbər edildi. Yəni, bu hisslər təkcə sözlə deyil, Azərbaycan dövləti tərəfindən əməllə sübuta yetirildi və yetirilir.
“Düşünürəm ki, Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşası Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinin geosiyasi çərçivələrdən kənara çıxaraq, mənəvi həmrəylik və qarşılıqlı etimad üzərində qurulduğunun rəmzi təzahürüdür.
“Azərbaycan” məhəlləsi təkcə evlərdən ibarət deyil. Burada yaşayış və əmək fəaliyyəti üçün tam infrastrukturlu bir məkan yaradılıb və inşa prosesi davam etdirilir”, - deyən G.Əfəndiyeva artıq 1000-dən çox ailənin yeni həyata başlayacağını qeyd edib. Deyib ki, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan təhsil ocağı Ulu Öndərin unudulmaz “Bir millət, iki dövlət” fəlsəfəsinin yeni nəslin şüuruna kök salmasına töhfə verəcək. Orada fəaliyyət göstərən mədəniyyət mərkəzi ortaq folklorumuzun, musiqimizin, sazımızın, sözümüzün yaşadılmasına şərait yaradacaq. Yəni, bu, təkcə bərpa-yenidənqurma və ya sosial dəstək layihəsi deyil, həm də mədəniyyətlərin inteqrasiyası, ortaq yaddaşın yaşadılması üçün əhəmiyyətli bir addımdır.
Deputat, həmçinin bildirib: “Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşası, eyni zamanda, beynəlxalq müstəvidə təşəbbüs göstərdiyi hər bir işi peşəkarlıqla, məsuliyyətlə və yüksək keyfiyyətlə həyata keçirən Azərbaycanın obrazıdır və qardaşlıq niyyətinin məhsuludur.
Bilirsiniz, bəzən çətinliklər xalqların iradəsini sınağa çəkir, lakin qardaş xalqlar bu sınaqlardan həmrəylik və dostluq ruhunu daha da gücləndirərək çıxmağı çox yaxşı bilir. Əgər biz çətinlikləri birlikdə aşırıqsa, deməli, sabahı da birlikdə qurmağa qadirik”.