Gürcü qəzetində “Şuşa bizimdir- Qarabağ Azərbaycandır” sərlövhəli məqalə dərc olunub
Tbilisi, 1 noyabr, AZƏRTAC
Gürcüstanın “Sakartvelos Respublika” qəzetində “Şuşa bizimdir - Qarabağ Azərbaycandır” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, gürcü dilində oxuculara təqdim olunan məqalənin müəllifi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovdur.
Məqalə Qarabağın baş tacı və hərbi-strateji əhəmiyyətə malik olan qədim Şuşa şəhəri barədə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi fikirləri ilə başlayır.
Müəllif 2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad edilməsinin Azərbaycanın Qarabağda başladığı və 44 gün ərzində aparılan uğurlu əks-hücum əməliyyatları sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə olduğunu qeyd edir. Azərbaycanın hərbi-diplomatik uğurlarının, xüsusilə Şuşa şəhərinin rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsinin müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək tariximizə Zəfər Günü kimi yazıldığını bildirir.
Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyinin hərb meydanında olduğu kimi, diplomatiya sahəsində də Azərbaycanın uğurlarını şərtləndirdiyi xüsusi vurğulanır.
Məqalədə Şuşanın Qarabağ xanlığının paytaxtı və şəhərsalma mədəniyyətinin bənzərsiz nümunəsi olduğu, görkəmli dövlət xadimi Heydər Əliyevin bu şəhərə zəngin tarixi abidə kimi qayğısı, XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzü, Şuşanın işğalı və soyqırımı siyasəti, Şuşanın işğaldan azad edilməsinin Zəfər Günü kimi tarixə yazılması barədə ətraflı məlumat verilir.
Şuşa Bəyannaməsinə də toxunan müəllif qeyd edir: “2021-ci il iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın işğalından azad edilən, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərinə səfər etməsi və iki dost, qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi hadisədir”.
Məqalədə oxuculara Şuşanın bərpası barədə də məlumat verilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi