Gürcüstan seysmoloqları Azərbaycanda seysmik stansiyalar üçün yeni serverin quraşdırılmasında iştirak ediblər
Bakı, 2 may, AZƏRTAC
Azərbaycanda səfərdə olan Gürcüstanın İlya Dövlət Universitetinin Yer Elmləri İnstitutunun Seysmoloji Monitorinq Mərkəzinin direktoru, professor Tea Godoladze, həmin mərkəzin əməkdaşı Albert Vuzaladze və “Lab” şirkətinin əməkdaşı Archil İvanaşvili Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində olublar.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, gürcüstanlı seysmoloqlar Zəlzələlərin tədqiqatı bürosu və zəlzələ ocaqlarının dinamikası şöbəsinin əməkdaşları ilə görüşlər keçiriblər.
Gürcüstanlı seysmoloqlar Zəlzələlərin tədqiqatı bürosunun rəis müavini, sistem administratoru Ruqiyyə Kərimova, mərkəzin mühəndis proqramçıları Tahir İsmayılov və Nail Qazıyevlə birlikdə “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanda quraşdırılmış yeni 22 ədəd seysmik stansiyanın “SeisComp5” proqramında yeni serverin quraşdırılmasında iştirak ediblər.